Cenubtv.az xəbər verir ki, Diamniadiodakı Atletlər Kəndində yerləşən “Village Plaza”da təşkil olunan tədbir açılış mərasiminin ən maraqlı anlarını əks etdirən videoçarxın nümayişi ilə start götürüb.
Daha sonra ənənəyə uyğun olaraq iştirakçı ölkələrin idmançılarının paradı keçirilib və Azərbaycan nümayəndə heyəti də digər ölkələrlə birlikdə yürüşə qatılıb. Yürüş zamanı ölkəmizin üçrəngli bayrağını yarışın gümüş mükafatçıları - boksçu Gülər Hüseynova və taekvondoçu Adil Kazımlı daşıyblar.
Tədbirdə Təşkilat Komitəsinin prezidenti Mamadou Diaqna Ndiaye və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri çıxış edərək könüllülərə və təşkilatçılara təşəkkür ediblər, həmçinin Afrika qitəsində ilk dəfə keçirilən bu tarixi Oyunların gənclər üçün əhəmiyyətini vurğulayıblar.
Çıxışlardan sonra BOK-un rəsmi himni səsləndirilib və Olimpiya bayrağı endirilib. Xatırladaq ki, Dakar-2026 yarışlarında 8 idman növü üzrə mübarizə aparan Azərbaycan yığması 3 qızıl və 3 gümüş medalla ümumi sıralamada 13-cü yeri tutub.





