Cenubtv.az xəbər verir ki,noyabrın 24-də axşam saatlarında Rusiya ordusunun Odessa vilayətinə endirdiyi zərbələr səbəbindən iki nəfər həyatını itirib, üç nəfər isə xəsarət alıb. Hadisə nəticəsində həlak olanların 41 yaşlı kişi və 17 yaşlı yeniyetmə olduğu, xəsarət alanlar arasında isə 12 yaşlı bir qızın da olduğu açıqlanıb.

Odessa vilayət prokurorluğunun yaydığı məlumata əsasən, hücum zamanı mülki infrastruktura reaktiv mühərrikli dronlar tətbiq olunub. Zərbələr nəticəsində fərdi yaşayış evi, sənaye obyekti və dörd avtomobilə ziyan dəyib, yaralananlara isə dərhal hadisə yerində tibbi yardım göstərilib.

Bölgə rəsmiləri hücum yerlərində aidiyyəti xidmətlərin çalışdığını və baş verənlərin mülki əhaliyə qarşı növbəti hərbi cinayət kimi sənədləşdirildiyini bildiriblər. Gün ərzində kənd təsərrüfatı müəssisəsi, taxıl anbarları və yerli xəstəxana binası da zərər görüb, lakin həmin obyektlərdə xəsarət alan qeydə alınmayıb.