Cənubtv.az xəbər verir ki, 2026-2027-ci tədris ilində orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar arasında ən yaşlı tələbənin 61 yaşı var. Həmin şəxs 1 nömrəli Bakı Tibb Kollecinin “Müalicə masajı (gözdən əlillər üçün)” ixtisasına qəbul edilib.
Bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu nəticələrinin müzakirəsinə həsr olunan tədbirdə açıqlayıb. Qeyd olunub ki, qəbul olunanların 46,7 faizini, yəni 10 min 318 nəfəri 17 yaşlı gənclər təşkil edib.
Bundan əlavə, 14–16 yaş aralığında 5279 nəfər, yəni ümumi qəbulun 23,9 faizi qəbul olunub. 18–61 yaş qrupunda isə 6474 nəfər yer alıb ki, bu da ümumi göstəricinin 29,4 faizini əhatə edir.
Tədbirdə həmçinin orta ixtisas təhsili müəssisələrinin məzunlarının məşğulluq göstəriciləri də diqqətə çatdırılıb. 2018–2024-cü illərdə kollecləri ümumilikdə 111 min 68 nəfər bitirib ki, onlardan 42 min 473 nəfəri işlə təmin olunub və məşğulluq səviyyəsi 38,2 faiz təşkil edib.





