Cenubtv.az xəbər verir ki, Zəfər Günü münasibətilə Türkiyənin İstanbuldakı İbn Haldun Universitetində “Tarixi, strateji və diplomatik aspektləri ilə Qarabağ Zəfərinin altıncı ili” adlı konfrans baş tutub.
Tədbir KİAMP – “Karabakh is Azerbaijan” Milli Platformunun Türkiyə üzrə Baş Koordinatorluğu və “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyinin təşəbbüsü ilə təşkil olunub.
Konfransın rəsmi hissəsində Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, İbn Haldun Universitetinin rektoru professor Atilla Arkan, KİAMP-in Türkiyə üzrə baş koordinatoru Elvin Abdurahmanlı, eləcə də mərkəzin rəhbəri professor Yaşar Sarı çıxış ediblər. Onlar iki ölkə arasındakı qardaşlıq bağlarının möhkəmliyini və Qarabağ Zəfərinin geosiyasi əhəmiyyətini önə çəkiblər.
Daha sonra Elvin Abdurahmanlının moderatorluğu ilə panel müzakirələri aparılıb. Paneldə Eray Güçlüer və Elnara Madatova Zəfərin hərbi, strateji, hüquqi və diplomatik nəticələrinə dair məruzələrlə çıxış ediblər.





