Cenubtv.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Azərbaycan, Gürcüstan, Bolqarıstan və Rumıniya ilə birlikdə Qara dənizin dibindən elektrik kabelinin çəkilməsi layihəsi üzərində işlədiklərini bildirib. O, əsas məqsədin daha çox elektrik enerjisini şərqdən qərbə, həmçinin şimaldan cənuba ötürmək olduğunu qeyd edib.

Antalyada COP31 tədbiri çərçivəsində mediaya açıqlama verən nazir dörd ölkə arasında təmiz enerji sahəsində imzalanan strateji tərəfdaşlıq sazişinin əhəmiyyətinə toxunub. O, qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində addımların davam etdiriləcəyini diqqətə çatdırıb.

Alparslan Bayraktarın sözlərinə görə, Türkiyə elektrik enerjisi interkonnektorlarının mövcud gücünü 5,4 giqavatdan 15 giqavata çatdırmağı hədəfləyir. Bununla yanaşı, ölkənin gündəmində yeni meqa enerji layihələri ilə bağlı müxtəlif dövlətlərlə danışıqlar aparılır.

Nazir əlavə edib ki, Türkiyənin enerji sistemi gələcəkdə Səudiyyə Ərəbistanı, İordaniya, Suriya və Avropa ölkələri ilə də inteqrasiya oluna bilər.