Cenubtv.az xəbər verir ki, noyabrın 21-də Hanoy Ticarət və Turizm Kollecində Bakı guşəsi və Azərbaycan kulinariya zonasının açılışı reallaşıb. Bu layihə təhsil ocağının azərbaycanlı tərəfdaşları ilə qurduğu səmərəli əməkdaşlıq çərçivəsində hazırlanıb.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib. Yeni yaradılan guşədə Qız qalasının maketi, Şirvanşahlar Sarayı, İçərişəhər, Heydər Əliyev Mərkəzi, "Alov Qüllələri" və Bakı buxtasının təsvirləri nümayiş olunur, kulinariya zonasında isə milli mətbəximizin təbliği üçün təlimlər keçiriləcək.
Kollecin rektoru Trin Tri Tu Ha ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixinə toxunub və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn əlaqələrdən danışıb. O, Leyla Əliyevanın ötən ilin aprelində kollektivlə görüşünü və Heydər Əliyev Fondunun dəstəyini xatırladıb.
Leyla Əliyeva mədəniyyətimizə göstərilən diqqətə görə rəhbərliyə təşəkkür edərək bu təşəbbüsün yerli sakinlər üçün əhəmiyyətini vurğulayıb. Tədbirdə Azərbaycan Prezidentinin Vyetnama rəsmi səfəri günlərində baş tutan açılışın rəmzi məna daşıdığı qeyd olunub.
Sonda incəsənət ustaları tərəfindən iki ölkənin dostluğuna həsr olunan mahnılar səsləndirilib, eləcə də Vyetnam dilində "Arşın mal alan" operettasından parçalar və yeni "Azərbaycan-Vyetnam" mahnısı təqdim edilib.





