Cenubtv.az xəbər verir ki, yanvar-oktyabr dövründə Türkiyə torpaqları vasitəsilə Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə ümumilikdə 161,143 milyon barel xam neft daşınıb.

BOTAŞ məlumatına əsasən, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,645 milyon barel və ya 6,7 faiz azalıb.

Təkcə oktyabr ayında isə sözügedən magistral kəmərlə 17,172 milyon barel neft ötürülüb ki, bu da illik müqayisədə 571 min barel və ya 3,4 faiz çox deməkdir.

Xatırladaq ki, ötən il BTC vasitəsilə ümumilikdə 206,434 milyon barel neft nəql edilmişdi.

Qeyd edək ki, bu boru kəməri əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun neftini və "Şahdəniz" kondensatını daşımaqla yanaşı, Türkmənistan və Qazaxıstan kimi ölkələrdən gələn karbohidrogen ehtiyatlarını da bazarlara çatdırır.