Cenubtv.az xəbər verir ki, Azərbaycanda etibarlı və dayanıqlı bank sektorunun yaradılması məqsədilə qabaqcıl texnologiyaların inteqrasiyası böyük önəm daşıyır. Bu barədə Bakıda təşkil olunan X Beynəlxalq Bank Forumunda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı danışıb.
O qeyd edib ki, süni intellekt və böyük verilənlər kimi alətlərin tətbiqi risklərin qiymətləndirilməsində yeni imkanlar yaradır. Banklar bu sistemlər vasitəsilə kredit, likvidlik və bazar risklərini daha dəqiq təhlil edərək operativ qərarlar qəbul edə bilərlər.
Forumda nağdsız ödənişlərin artım dinamikasına da toxunulub. Ölkədaxili nağdsız kart ödənişlərinin məbləği 25,6 faiz artaraq 99,1 milyard manata çatıb, eyni zamanda internet və mobil bankçılıq sahəsində də yüksəliş qeydə alınıb.
İcraçı direktor əlavə edib ki, bank sektorunun məcmu kapitalı 3,3 faiz artaraq 7,1 milyard manat təşkil edib. Kredit portfeli isə 11,8 faiz artaraq 31,8 milyard manata çatıb ki, bu da iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayır.





