Cenubtv.az xəbər verir ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "X" sosial şəbəkəsindəki səhifəsində "Akkuyu" atom elektrik stansiyasının ilk reaktorunun qısa müddətdə fəaliyyətə başlayacağını açıqlayıb.

Nazir uğurla davam edən layihə sayəsində yaxın vaxtlarda ilk elektrik enerjisinin istehsal olunacağını vurğulayıb və ölkənin qarşısında duran böyük hədəflərə toxunub.

O bildirib ki, ənənəvi böyük reaktorlar vasitəsilə ən azı 15 min meqavatlıq gücə çatmaq planlaşdırılır, əlavə olaraq kiçik modul reaktorların dəyərləndirilməsi ilə sistemə daha 5 min meqavatlıq güc qatılacaq.

Bu strateji addımların birləşdirilməsi nəticəsində 2050-ci ilə qədər ümumi 20 min meqavatlıq nüvə gücünə nail olunacağı və ölkənin elektrik ehtiyacının təxminən 12 faizinin təmiz enerji ilə təmin ediləcəyi nəzərdə tutulur.