Cenubtv.az xəbər verir ki, ölkə ərazisində noyabrın 21-də gözlənilən hava proqnozu açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Paytaxtda mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq, havanın temperaturu gecə 10-14, gündüz isə 16-20 dərəcə isti təşkil edəcək.

Respublikanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin axşam saatlarında bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur.

Rayonlarda havanın temperaturu gecə 6-11, gündüz 16-21 dərəcə isti, dağlıq bölgələrdə isə gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək və mülayim qərb küləyi əsəcək.