Cenubtv.az xəbər verir ki, "Iraqi Airways" Tunisin cənub-qərbində dayanacaqda saxlanılan iki "Boeing 747" təyyarəsinin satışa çıxarıldığını elan edib.
Söhbət Səddam Hüseynin uçuşları üçün nəzərdə tutulmuş YI-ALM qeydiyyat nömrəli "Boeing 747SP" və 330 sərnişin tutumlu "Boeing 747-200" modellərindən gedir. Hər iki hava gəmisinin qiyməti 900 min dollar müəyyən edilib.
Satış prosesini tənzimləmək üçün İraqın Tunisdəki səfirliyi yanında xüsusi komitə formalaşdırılıb. Komitə tərəfindən potensial alıcıların müraciətləri dekabrın 21-dən yanvarın 5-dək qəbul olunacaq.
Aviaşirkətdən verilən məlumata görə, təyyarələr indiki texniki vəziyyətində və heç bir zəmanət verilmədən satılır. Daşınma, mülkiyyət hüququnun rəsmiləşdirilməsi, gömrük rüsumları və təmir xərcləri isə tamamilə alıcıların üzərinə düşür.
Qeyd edək ki, sözügedən hər iki hava gəmisi 1982-ci ildə istehsal olunaraq İraqa təhvil verilib.





