Cenubtv.az xəbər verir ki, ölkədə əhalinin rifah halının yüksəldilməsi və ünvanlı dövlət dəstəyinin səmərəliliyinin artırılması məqsədilə ev təsərrüfatlarının vəziyyəti barədə etibarlı məlumatların toplanması vacibdir. Azərbaycanda bu uçot 1940-cı illərdən kəndlərdə, 2012-ci ildən isə şəhər və qəsəbələrdə hər il sorğu əsasında aparılır. Proses zamanı ailələrin faktiki yaşayış şəraiti, torpaq sahələri və əmlak göstəriciləri qeydə alınır.
Toplanan məlumatlar əhalinin demoqrafik, sosial vəziyyəti və məşğulluq səviyyəsinin öyrənilməsinə, həmçinin miqrasiya proseslərinin izlənilməsinə imkan yaradır. Uçot nəticələri həmçinin seçici siyahılarının aktuallaşdırılması və siyahıyaalma tədbirlərinin düzgün təşkili üçün əhəmiyyətli informasiya mənbəyidir.
Regional inkişaf proqramlarının hazırlanması və sosial infrastrukturun təkmilləşdirilməsi də məhz bu məlumatlar əsasında planlaşdırılır. Bu yanaşma dövlət resurslarından daha səmərəli istifadə etməyə və sosial müdafiəyə ehtiyacı olan ailələri dəqiq müəyyənləşdirməyə şərait yaradır.
Uçotun elektronlaşdırılması və rəqəmsallaşdırılması isə vətəndaşların inzibati yükünü azaldaraq məlumatların daha operativ əldə olunmasını təmin edəcək. Gələcəkdə bu sistemin tam elektron formaya keçməsi sosial yardım mexanizmlərinin çevikliyini daha da artıracaq.





