Cenubtv.az xəbər verir ki, Çinin Tibet Muxtar Bölgəsində becərilən nadir "Qara Almaz" alma növü baha qiyməti və fərqli xarici görünüşü ilə fərqlənir.

Tünd bənövşəyi rəngli qabığı və balı xatırladan şirinliyi ilə tanınan bu meyvənin tək bir ədədi 10 ilə 40 dollar arasında, təxminən 17-68 manat dəyərində alıcı tapır.

Tibetin Nyinçi şəhərində, dəniz səviyyəsindən 3100 metr yüksəklikdə bitən bu almaların tünd rəngi güclü ultrabənövşəyi şüalar və gecə ilə gündüz arasındakı kəskin istilik fərqi səbəbindən əmələ gəlir.

Həmçinin əlavə suvarma və kimyəvi qulluq tələb etməyən ağaclar səkkiz ildə tam məhsul verməyə başlayır.

Hər il cəmi iki ay müddətində yığılan və yalnız otuz faizi lüks bazar tələblərinə uyğun gələn məhsul Pekin, Şanxay və Quançjou şəhərlərində xüsusi qutularda təqdim olunur, bəzən isə hələ ağacdan derilməmişdən əvvəl öncədən sifarişlə satılır.