Cenubtv.az xəbər verir ki, Azərbaycan narının kənd təsərrüfatı, ixrac və milli irsimiz üçün xüsusi əhəmiyyəti var və 2026-cı ildə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının yaradılmasının 10 ili tamam olub. Assosiasiyanın İdarə Heyətinin sədri Fərhad Qaraşov ötən onillikdə görülən işlər, narçılığın problemləri və inkişaf perspektivləri haqqında ətraflı məlumat verib.
Sədr bildirib ki, ötən müddət ərzində fermerlərin maraqları qorunub, onların müraciətləri dövlət qurumlarına çatdırılıb və yerli-xarici sərgilərdə təmsil olunublar. Eyni zamanda, Özbəkistan, Qazaxıstan, Küveyt, BƏƏ, Qətər, Latviya, Polşa, Fransa və Almaniyadan olan tərəfdaşlarla əlaqələr qurulub.
Ölkədə narçılığın potensialına toxunan Fərhad Qaraşov qeyd edib ki, hazırda respublika üzrə təxminən 23 min hektar nar bağı mövcuddur. Gülöyşə, Bala Mürsəl, Vələs və Talıb kimi yerli sortlarımız öz keyfiyyəti ilə seçilir, istehsal əsasən Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan və Tovuz-Qazax bölgələrində cəmləşib.
Cari ilin hava şəraitinin nar istehsalına müəyyən çətinliklər yaratdığını deyən sədr may ayındakı aramsız yağıntıların və yüksək rütubətin xəstəliklərə səbəb olduğunu vurğulayıb. Hazırda yığım davam edir və mövsümün yekun rəqəmləri, eləcə də ixrac göstəriciləri gələn ilin birinci rübündə məlum olacaq.





