Cenubtv.az xəbər verir ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədri Ramid Namazov İkinci Azərbaycan–Özbəkistan Parlamentlərarası Forumunda çıxış edib. O bildirib ki, süni intellekt və rəqəmsal transformasiya müasir dünyada dövlətlərin iqtisadi mövqeyini və milli təhlükəsizliyini müəyyənləşdirən əsas amillərdəndir.
Komissiya sədri ölkəmizdə bu sahənin inkişafının Prezident İlham Əliyevin strateji baxışına əsaslandığını qeyd edib. Həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının yaradılması ilə rəqəmsal siyasətin sistemli və institusional idarəetmə mərhələsinə keçdiyi vurğulanıb.
BMT-nin elektron hökumət tədqiqatına əsasən, Azərbaycan İndeksdə 36 pillə irəliləyərək 38-ci yerə çıxıb. Çıxışda, həmçinin kibertəhlükəsizliyin əhəmiyyətindən, dipfeyk və sintetik media materiallarının yaratdığı hibrid təhdidlərdən bəhs olunub.
Uşaqların rəqəmsal mühitdə qorunması məsələsinə toxunan deputat ölkəmizdə qanunvericilik səviyyəsində atılan addımları xatırladıb. Qeyd olunub ki, şəxsi hesablar üçün yaş həddinin müəyyənləşdirilməsi və zərərli məzmunla mübarizə tədbirləri gələcək nəsillərin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.





