Cenubtv.az xəbər verir ki, Misli Premyer Liqasının XII turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub. Peşəkar Futbol Liqasının yaydığı məlumata əsasən, “Kəpəz”lə qarşılaşma mütəxəssisin karyerasında 900-cü matç kimi tarixə düşüb.

Təcrübəli baş məşqçi bu rəqəmin 850-ni məhz “Qarabağ”ın sükanı arxasında əldə edib. O, karyerası ərzində, həmçinin “Neftçi”də 38, Azərbaycan milli komandasında isə 12 matçda komandanı meydana çıxarıb.

Qurbanovun rəhbərlik etdiyi kollektivlər bütün turnirlər daxil olmaqla ümumilikdə 520 qələbə qazanıb, 208 dəfə heç-heçə edib və 172 dəfə məğlubiyyətlə üzləşib. Ağdam təmsilçisi ilə çıxdığı 850 görüşdə isə 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət qeydə alınıb.

Qeyd edək ki, mütəxəssis baş məşqçi kimi debütünü 2006-cı il avqustun 6-da “Neftçi”də “Gənclərbirliyi”nə qarşı keçirib. “Qarabağ”dakı ilk sınağı isə 2008-ci il avqustun 9-da “Bakılı” ilə səfər matçına təsadüf edib.