Cenubtv.az xəbər verir ki, Media və Yayım Şurası ictimai-siyasi qəzetlərin inkişafına dəstək məqsədilə maliyyə yardımı müsabiqəsinə start verib. Müsabiqənin qaliblərinə çap üçün aylıq 5 000 manat, eyniadlı veb-saytların fəaliyyəti üçün isə aylıq 3 000 manat vəsaitin verilməsi nəzərdə tutulub.

Yarışmada yalnız Media Reyestrinə daxil edilmiş, son bir ildə müntəzəm çap olunan və ən azı beş nəfərlik yaradıcı heyəti olan ictimai-siyasi qəzetlər iştirak edə bilərlər. İştirakçılar son üç ayda nəşr olunan altı qəzet nüsxəsini təqdim etməlidirlər və bu materiallar üç müstəqil ekspert tərəfindən qiymətləndiriləcək.

Qalib redaksiyalarla altı ay müddətində maliyyə yardımına dair müqavilə imzalanacaq və fiziki şəxslərdən ibarət hər 500 nəfərlik əlavə abunə artımı üçün aylıq 200 manat bonus veriləcək. Veb-sayt dəstəyi üçün isə redaksiyada azı üç nəfərlik heyət olmalı və onların hər birinin əməkhaqqı minimum 600 manat təşkil etməlidir.

Sənədlərin qəbulu elektron formada "mib.media.gov.az" portalı vasitəsilə həyata keçirilir və müraciətlər noyabrın 30-u saat 18:00-dək davam edəcək.