Cenubtv.az xəbər verir ki, Əfqanıstanda Taliban hakimiyyətinin qadınlara qarşı həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərin formalaşmasında yerli ənənələrin də mühüm payı mövcuddur.

Bu barədə Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” konfransının panel iclasında çıxış edərkən məlumat verib.

Onun sözlərinə görə, həmin qadağalar hər nə qədər din adından tətbiq edilsə də, prosesə yalnız dini çərçivədən yanaşmaq doğru deyil və burada başqa amillər də rol oynayır.

Rektor qeyd edib ki, Talibanın qadınlara münasibətində puştunların islamdan öncəki adət sisteminin də təsirləri hiss olunur və eyni məzhəbə mənsub yerlərdə belə yanaşmalar fərqlənə bilər.

Nümunə olaraq Bosniya təcrübəsini və İndoneziyanın minanqkabau xalqını göstərən rektor vurğulayıb ki, qadınların cəmiyyətdəki mövqeyi məhz yerli ənənələr əsasında formalaşır.