Cenubtv.az xəbər verir ki, Avstraliya hakimiyyəti süni intellekt sahəsini ölkənin xarici siyasət kursunu müəyyənləşdirən aparıcı amillərdən birinə çevirməyi planlaşdırır.
Bu məsələ ölkənin xarici işlər naziri Penni Vonqunun parlamentdə planlaşdırılan çıxışının əsas xəttini təşkil edəcək.
Nazirin gəldiyi qənaətə görə, yeni texnologiyaların sürətli inkişafı qlobal iqtisadi və strateji balansı kökündən dəyişərək həm cəmiyyətə, həm də ordunun fəaliyyətinə ciddi təsir göstərir. O, həmçinin süni intellekt vasitəsilə demokratik institutlara kənardan müdaxilə olunması təhlükəsinə xüsusi diqqət yetirəcək.
Kanberra hökuməti kritik infrastruktur obyektlərinin dayanıqlığını artırmağı, kibertəhlükəsizliyi möhkəmlətməyi və qabaqcıl texnoloji modellərin təhlükəsizliyi istiqamətində beynəlxalq əməkdaşlığı genişləndirməyi qarşıya məqsəd qoyub. Avstraliya tərəfi innovasiyaları dəstəkləsə də, texnologiyaların tətbiq sürətinin zəruri təhlükəsizlik tədbirlərini üstələməsinin qəti əleyhinədir.





